Cekin tikdiyi ev və ya inşaatçını seçərkən yol verilən diqqətsizlik nəyə gətirib çıxarır?

14 fevral 2017


Tort bişirərkən yağı ucuz marqarinlə əvəz etsək və az keyfiyyətli undan istifadə etsək, nəticədə dadsız  tort alınar. Yeri gəlmişkən, bir çox şirniyyatçılar daha çox xeyir götürmək məqsədi ilə məhsullarda qənaət edərək çox vaxt belə səhlənkarlığa yol verirlər. Siz tortu ata bilərsiniz, bu, sizə çətinlikdən əlavə təhlükə yaratmayacaq.

Tikinti şirkətləri ilə isə məsələ daha mürəkkəbdir. Çünki onlar təxminən bu sxem üzrə qənaət etməyə çalışdıqda, bir çox insanların həyatı üçün ciddi təhlükə yaranır.

Azərbaycanda tikinti tam sürətlə davam edir. Bazarda inşaatçılardan gələn cazibədar təkliflər çoxdur. Ancaq bir çox ölkələrdən fərqli olaraq, bizdə vicdansız tikinti şirkətlərinin rəsmi “qara siyahısı” hələ də yoxdur. 

Hər halda yeni tikililərdə mənzil alanlar bunu özləri araşdırmalı olacaq. Biz isə bacardığımız qədər kömək etməyə çalışacağıq.

Evlər niyə uçur?

Əksər ekspertlərin fikrincə, texnologiyaya riayət olunmaması, layihə sənədlərindən kənaraçıxmalar, tikinti norma və qaydalarının pozulması bütün dünyada baş verən hadisələrdir. Əlbəttə ki, Azərbaycan da burada istisna deyil. 

Bununla bərabər, inşaat sektorunda fəaliyyət göstərən şəxslərin səhvləri binanın konstruksiyasının daşıyıcılıq qabiliyyətinə, bünövrəsinin çökməsinə, örtüklərinin əyilməsinə və onun möhkəmlik xarakteristikalarının azalmasına birbaşa təsir edə bilər. 

Ötən əsrin 60-cı illərində İtaliyada inşaat bumu yaşandı. 80-90-cı illərdə isə inşaat bumu zamanı tikilmiş evlərin çökməsi halı baş verdi. O zaman əksər obyektlərin tikintisi və layihələndirilməsində təcrübəsi olmayan tikinti şirkətləri məşğul olurdu.

Bundan əlavə, podratçılar ən ucuz materialları alır və ən ucuz işçi qüvvəsindən istifadə edirdilər. 1999-cu ilin noyabrında Foca şəhərində altımərtəbəli yaşayış binası çökdü. Uçqunların altında 67 nəfər həlak oldu. Uçmuş evin yerində faciə qurbanlarının xatirəsinə abidə ucaldıldı.

Tədqiqatlar nəticəsində məlum oldu ki, evin uçmasının səbəbi inşaat zamanı yol verilən çoxsaylı pozuntular olub. Bu pozuntulara binanın inşa edildiyi torpağın suvarılması, layihədə nəzərdə tutulan dəstəkləyici sütunların olmaması daxildir.

“Problem ondadır ki, binaların tikintisi zamanı buraxılan səhvlər onlarla il sonra özünü göstərir. Vicdansız inşaatçılar vacib məsələlərdə qənaət edərkən çox gözəl bilirlər ki, bu səhvlər tezliklə açılmayacaq və onlar məsuliyyətdən yayına biləcəklər. 

Onlar geoloji, seysmoloji və s. ekspertizaların keçirilməsində qənaət edir, çox vaxt bu tədqiqatların nəticələrini diqqətə almırlar. Şəhərimiz seysmoloji aktiv zonada yerləşdiyindən belə ekspertizalara səhlənkar münasibət faciələrə yol aça bilər. 

Bundan başqa, tikinti sahəsində, məsələn, suyun meydana çıxması kimi mühüm məqamlar diqqətə alınmır. Hesabatda yazılır – “quru torpaq”, nəticədə illər sonra bina çökür, daşıyıcı konstruksiyalar tərpənir, çatlar əmələ gəlir və sonda İtaliyada olduğu kimi, binanın uçması baş verir”, - deyə müstəqil ekspert, memar Azər Süleymanov şərh edir.

Onun sözlərinə görə, şəhərdə salınmış bir çox yeni tikililərdə evə qanunsuz olaraq bir neçə mərtəbə əlavə edilərək ilkin layihələrdən “kənara çıxılır”. 

Aydındır ki, bu vaxt bünövrənin daha az yükə hesablanması və fəlakətin baş verə biləcəyi nəzərə alınmır. Əlbəttə ki, ən vacib məqamlardan biri – tikinti materiallarının keyfiyyətidir.

Çox zaman xarici görünüş aldadıcı olur

1995-ci ilin 29 iyununda Seulda Sampunq (Sampoong) ticarət mərkəzinin binası uçmuşdu. 500-dən çox insan həlak olmuş və minə yaxını isə yaralanmışdı. Bu, tikinti tarixində ən böyük faciəvi qəza olmuşdu.

Bu hadisəni araşdırarkən komissiya belə qənaətə gəlmişdi ki, buna səbəb tikinti zamanı keyfiyyətsiz bünövrənin salınmasından başlayaraq, ticarət sahələrini çoxaltmaq məqsədi ilə əlavə mərtəbə tikməklə, bünövrənin yükünün artırılmasınadək yol verilmiş kobud pozuntular olmuşdur. 

“Hətta qumun və çınqılın isladılmasından imtina kimi qaydalardan kiçik kənaraçıxma betonun, dəmir-betonun və nəticədə isə - binaların konstruksiyalarının daşıyıcı elementlərinin möhkəmliyinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilir”, - A.Süleymanov əminliklə bildirir.

Onun fikrincə, “zahiri parıltı” bina və tikililərin qəzasız istismarına dəlalət etmir:

“Binanı çox gözəl üzləmək olar. Lakin inşaatçılar tikintinin ən elementar seysmik təhlükəsizliyinin qayğısına qalmamışlarsa, onda bu zahiri gözəllik keç kəsi xilas etməyəcək”, - ekspert belə hesab edir.

Bütün dünya tarixi üzrə ən böyük qəza 2013-cü ilin 24 aprelində Banqladeşdə səkkizmərtəbəli ticarət mərkəzinin uçması olmuşdur. Binanın uçması nəticəsində 1129 nəfər həlak olmuş və 2500-dən çoxu isə yaralanmışdır. Sağ qalmış sonuncu adamı dağıntıların altından 10 mayda, binanın çökməsindən 17 gün sonra çıxarmışdılar.

Sonradan məlum olmuşdur ki, binanın bünövrəsinin altında yeraltı göl varmış, lakin tikinti konstruksiyalarının qorunması üçün heç bir tədbir görülməmişdir. 

Bundan əlavə, bina cəmi 5 mərtəbədən ibarət olmalı olduğu halda, daha 3 mərtəbə də qanunsuz olaraq tikiliyə artırılmışdır. 

A.Süleymanovun sözlərinə görə, evin təməli qoyularkən çuxur islanırsa, onda çatların meydana gəlməsi qaçılmazdır. 

“Bu da öz növbəsində, arakəsmələrin və dirək divarlarının uçmasına gətirib çıxarır. Problemlər binanın yaxınlığında yeni kommunikasiya xətlərinin salınması zamanı da yarana bilir. İşlərin aparılma qaydalarına əməl olunmadıqda bünövrənin çökməsi, çatların meydana gəlməsi, örtük elementlərinin əyilməsi və tərpənməsinə gətirib çıxara bilən bərkiməmiş torpaqlar yaranır”, - ekspert deyir.

Sənədləri tələb edin

Ekspertin iddiasına görə, məsələn, aşağı markalı betondan istifadə olunması və ya armaturlaşdırılmanın düzgün aparılmaması kimi qüsurlar monolit konstruksiyalarda rast gəlinə bilir. 

“Xoşbəxtlikdən 2005-ci ildə əhalinin hər cür fövqəladə hadisələrdən qorunması üzrə mərkəzi icraçı orqan və binaların texniki təhlükəsizliyini təmin edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Məhz, buna görə istənilən binadan mənzil alarkən ilk növbədə, həmin binanın FHN tərəfindən qəbul edildiyinə əmin olmaq lazımdır”, - A.Süleymanov hesab edir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin keçmiş dekanı Ayam Hüseynov da onunla həmfikirdir, o da belə düşünür ki, bəzi tikinti şirkətləri inşaat işlərinin təşkil edilməsinə və istehsal layihələrinə pul xərcləməyi vacib bilmir:

“Yaşayış binasının layihəsində onunla başqa bina arasındakı məsafə də daxil olmaqla, insanların həyat və sağlamlığının müdafiəsini təmin edən bütün zəruri təhlükəsizlik tələbləri nəzərə alınmalıdır. 

Bundan başqa, alıcı layihə sənədlərini, tikinti materiallarının keyfiyyət sertifikatlarını və baş podratçıların bu tikintinin aparılmasına dair lisenziyalarını tələb etmək və onlarla tanış olmaq üçün tam hüquqa malikdir”, - A.Hüseynov əminliklə bildirir.

Onun fikrincə, hətta detallardakı kiçik laqeydliyə görə də həyəcan siqnalı vermək lazımdır:

“Kommunikasiyaların, pəncərə və qapıların keyfiyyəti, ümumi istifadə otaqlarının vəziyyəti, xırda uyğunsuzluqlar da mühüm əhəmiyyət kəsb edir. 

Əlbəttə ki, bütün icazə sənədləri ilə tanış olmaq lazımdır, çünki bəzən layihələrdə nəzərdə tutulan tələblərdən kənaraçıxmaları adi gözlə görmək olmur. Bundan başqa, aldanmamaq üçün tikinti şirkətinin nüfuzu ilə maraqlanmaq, onun inşa etdiyi binalar və apardığı işlər barəsindəki rəyləri oxumaq lazımdır. 

İndi bütün bu məlumatları əldə etmək üçün internetin axtarış səhifəsinə sorğunu daxil etmək kifayətdir. Əgər bu haqda informasiya çox azdırsa, onda bu, müəyyən şübhələr doğurur”, - A.Hüseynov söyləyir.

Şəffaflıq - etimadın təminatıdır

Onun sözlərinə görə, tikintinin nə dərəcədə şəffaf aparılması çox şey barədə məlumat verir.
“Əgər inşaatçı heç nəyi gizlətmirsə, onda o, potensial alıcıların bu məlumatlarla tanış ola bilməsi üçün tikinti materiallarının keyfiyyəti və onların istehsalçı şirkətlərinin adlarını açıqlayır.

Nümunə olaraq hal-hazırda tikilən “Panorama Park” yaşayış massivini göstərə bilərəm. 
Onun saytında pəncərə çərçivələrinin, üzlük plitələrin, liftlərin və s. istehsalçıları da daxil olmaqla, hər şey haqqında ətraflı məlumat verilib”, - A.Hüseynov belə iddia edir.

Onun fikrincə, bu mənzillərin gələcək sahibləri arzu etdikləri zaman prosesi izləmək üçün bilavasitə tikinti meydançasına daxil olmaq imkanına malikdirlər.

“Hazırda mən  “Panorama Park”da sahə rəisiyəm və heç bir proses mənim diqqətimdən kənarda baş vermir. Bütün iş mərhələlərində daimi nəzarət aparılır, hətta öncədən laboratoriyada yoxlanılan betonun keyfiyyətini mən yenidən şəxsən yoxlayıram. Bu, sement, armatur və başqa tikinti materiallarına da aiddir. Əlbəttə ki, potensial alıcılar gələ və aparılan bütün işlərlə şəxsən maraqlana bilərlər”, - A.Hüseyov deyir.

Yeri gəlmişkən, kompleksin tikilmiş hər mərtəbəsi Azərbaycan FHN-nin səlahiyyətli şəxsləri tərəfindən qəbul edilir.

“Təxminən  6 bal gücündə zəlzələdən sonra yeni evlərin uçduğunu eşitdikdə, mən qəzəblənirəm. XXI əsrdə belə faciələr baş verməməlidir. “Panorama Park” yaşayış kompleksi 9 ballıq zəlzələyə tab gətirmək qabiliyyətindədir, etibarlılığın artırılması üçün binaların bünövrələrinin üzərinə diametri 1 metr olan monolit millər (dirəklər) quraşdırılır”, - A.Hüseynov vurğulayır.

Haqqında danışdığımız yaşayış kompleksi məşhur “Alians Development” inşaat şirkətinin davamçısıdır və o, şübhəsiz ki, yaxşıdır. Buradakı rahatlıqlar hər şeyə dəyər: ikimərtəbəli avtomobil parkı, uşaqlar üçün oyun və idman meydançaları, mağaza, gözəllik salonu, uşaq bağçası və hətta fitnes-zallar və SPA!

“Bizim əsas vəzifəmiz “Panorama Park” kompleksinin gələcək sakinləri üçün maksimum rahatlıq və təhlükəsizlik yaratmaqdan ibarətdir. 

Məhz buna görə kompleksin bütün ərazisində videokameralar quraşdırılır, insanların təhlükəsizliyinin qayğısına isə daimi mühafizə qalır”, - deyərək A.Hüseynov sözlərinə əlavə edib.

“Kone” fin şirkətinin istehsalı olan yüksək sürətli və səssiz liftlər də xüsusi diqqətəlayiqdir. “Yaşayış massivinin hər bir binasında 3 lift quraşdırılır: iki sərnişin və bir yük lifti. Bunların ən başlıca üstünlüyü ondan ibarətdir ki, binada hansısa səbəbdən elektrikin verilməsi dayanarsa, onda sakinlər və onların qonaqları mərtəbələrin arasında ilişib qalmayacaq, liftlərdə UPS quraşdırıldığından onlar öz mərtəbələrinə rahat qalxacaqlar”, - A.Hüseynov şərh edir.